KREDİT KALKULYATORU

Almaq istədiyiniz kredit məbləğini özünüz hesablaya bilərsiz.

Calc_icon

VALYUTA MƏZƏNNƏSİ

18.09.2019 (MB kursu)

1 RUB
0.0266
1 EUR
1.8722
1 USD
1.7
W3Schools Money_icon

Təşkilat xəbərləri

Zərdabi Mətbuat Mərkəzi və “KredAqro” Bank Olmayan Kredit Təşkilatı illik layihəyə yekun vurdu. Fərqlənən KİV-lər və jurnalistlər mükafatlandırdı

Bu gün Zərdabi Mətbuat Mərkəzi və “KredAqro” Bank Olmayan Kredit Təşkilatı “Azərbaycanın paytaxtında və bölgələrində bank-kredit məsələləri və KİV: mövcud durum, peşəkarlığın artırılması və təcrübə mübadiləsi” mövzusunda birgə illik layihənin yekunlarına dair “dəyirmi masa” keçiriblər.

Azərbaycan Mətbuat Şurasında düzənlənən tədbirdə kütləvi informasiya vasitələrinin, bank-kredit sektorunun təmsilçiləri ilə yanaşı ölkənin tanınmış iqtisadçı alimləri, ekspertlər və sahə mütəxəssisləri iştirak ediblər. Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə onları salamlayaraq qarşıdan gələn bayramları  - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edib, həyat və fəaliyyətlərində uğurlar arzulayıb. Jurnalist təşkilatının sədri sonra 2013-cü ildə layihə çərçivəsində görülmüş işlər barədə məlumat verib. R.Hüseynzadə bildirib ki, qurum 8 ildir ki, fəaliyyət göstərir, indiyədək 20-ə yaxın beynəlxalq və yerli layihə həyata keçirib. “Azərbaycanın bank-kredit sektorunun nüfuzlu təmsilçilərindən olan “KredAqro” BOKT ilə əməkdaşlıq 1 il 9 aydır davam edir. Təşkilat birgə layihəni maliyyələşdirir: “Bu müddətdə hansı nəticələr əldə olunub? İlk növbədə kütləvi informasiya vasitələrində sahənin ötərgi işıqlandırılması, məsələlərə birtərəfli münasibət kimi mənfi tendensiyalar demək olar aradan qaldırılmış, bank-kredit sektoru ilə media arasında əməkdaşlığın genişləndirilməsi yazıların sayında, keyfiyyətində özünü biruzə vermişdir. Məsələn, layihəyə başladığımız ötən ilin aprelində ölkənin ictimai fikirə təsir göstərən, müntəzəm yayımlanan 24 qəzetində cəmi 118, 7 informasiya agentliyində 82 belə material təqdim edilmişdirsə, dekabrda bu rəqəmlər müvafiq olaraq qəzetdə 307-yə, informasiya agentliklərində 455-ə çatdı. Yəni 762-nin 200-ə nisbəti, 2012-ci ilin 9 ayında 31 KİV-də 4210 tematik yazı verilmişdi ki, bu da 2011-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur”. R.Hüseynzadə deyib ki, “Əməkdaşlığı yeni mərhələdə şərtləndirən cəhətlərdən biri də KİV-lərdə jurnalistlərin sahə üzrə ixtisaslaşma meyillərinin dərinləşməsi və tendensiyaya çevrilməsi idi. İndi monitorinqi aparılan KİV-lərlə yanaşı digər qəzet, jurnal və informasiya agentliklərində sanballı yazıları ilə diqqəti çəkən  yazarlarımızın cərgələrini yeni istedadlar sıxlaşdırmaqdadırlar. Bu gün onalrın bir qrupu mükafatlandırılacaq. Əlbəttə, analitik və maarifləndirici yazılara üstünlük verilməsi meyillərinin güclənməsi də müsbət tendensiyalardandır. Bu canlanmaya keçirdiyimiz “dəyirmi masa”larda iştirak edən tanınmış alimlər, iqtisadçılar, media təmsilçiləri öz fikir və rəyləri ilə, mətbu çıxışları ilə faəl kömək göstərməkdədirlər. 11 ayda 25 qəzetdə 2655, 7 informasiya agentliyində sahə 5101 tematik yazı təqdim olunub. Qəzetlərdə bunların 2425-i informativ, 804-ü analitik, 28-i maarifləndirici materialdır. İnformasiya agentliklərində 5097-i informativ, 34-ü analitik, 33-ü maarifləndirici yazılardır. Ayrı-ayrı kütləvi informasiya vasitələrinə gəldikdə isə ən çox material təqdim edən “İqtisadiyyat” qəzeti olsa da (319 yazı), biz bu mətbu nəşrin sahə qəzeti olduğunu nəzərə alaraq ilk yerin 243 material təqdim edən “Həftə içi” qəzetinə verilməsini məqsədə müvafiq saymışıq. Sonrakı yerlərdə isə “Mövqe” (179) və “Zerkalo” (175) qəzetləri gəlir. İlk onluğa daxildir: “Zaman Azərbaycan” (156), “Paralel” (146), “Xalq Cəbhəsi” (137), “Olaylar” (136), “Üç nöqtə” (131), “Bakı xəbər” (115), “Xalq qəzet”i (106). İnformasiya agentliklərində APA (Azəri Press İnformasiya agentliyi) həmkarlarından fərqlənir (1442 material). İkinci, üçüncü nəticələr isə “TREND” İA-ya (1296), AzərTAc-a (778) aiddir. Milli.az (591), Gün.az (429), Salamnyus.org (321), Azadinform (244) sonrakı yerləri tuturlar”.

“KredAqro” BOKT-nin İdarə Heyətinin üzvü, Risklərin İdarə Edilməsi Departamentinin rəhbəri Firdovsi Həmidov təmsil etdiyi qurum barədə müfəssəl məlumat verib. Bildirib ki, “KredAqro” BOKT mikromaliyyə təşkilatı kimi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda kənd təsərrüfatının kreditləşməsi layihəsi çərçivəsində ölkəmizin regionlarında sahibkarlara maliyyə xidmətləri göstərilməsi məqsədilə yaradılıb. Təşkilatın 2008-2012-ci illərdə nüfuzlu “Consulting & Business” jurnalının “Bank olmayan kredit təşkilatı” nominasiyasının “İlin şirkəti”, bu yaxınlarda isə Fransanın Paris şəhərində “Business İnitiative Directions” (BİD) şirkətinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə “WQC AWARD” mükafatının  “Qızıl” kateqoriyasına layiq görüldüyünü nəzərə çatdıran F.Həmidov uğurlarda media ilə əməkdaşlığın müsbət rol oynadığını deyib. O, Zərdabi Mətbuat Mərkəzi ilə ötən ilin aprelindən başlanan əməkdaşlığın, layihələrin dəstəklənməsinin məhz bu məqsəddən irəli gəldiyini diqqətə çatdırıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri, iqtisad elmləri doktoru, professor Zahid Xəlilov maliyyə sahəsində maarifləndirmənin hər bir dövlətin prioritet maraqları sırasına daxil olduğunu deyib: “Tələbələrimin elmi işlərində Azərbaycanda yayımlanan qəzet və jurnalların materiallarından istifadə etmələri bu sahədə canlanmanın baş verdiyini göstərməkdədir. Layihəni bu baxımdan müsbət dəyərləndirir və onun davamını zəruri hesab edirəm”. “Təfəkkür” Universitetinin jurnalistika fakultəsinin professoru Tofiq Yusifov jurnalistikada kommersiyalaşma prosesinin dərinləşməsindən danışaraq sağlam əməkdaşlığın davamının zərurətindən bəhs edib.

Azərbaycan Sahibkarlar Konfederasiyası sədrinin birinci müavini, “Biznes həyatı” jurnalının baş redaktoru Mehman Mehmanov jurnalistlərin sahə ilə bağlı bilgilərinin artırılmasına təmsil etdiyi qurumun kömək göstərməyə hazır olduğunu bildirib: “Bu məqsəd üçün treninqlər və seminarların təşkilinə hazırıq”.

MŞ İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas: “İkinci ildir ki, davam edən layihə bank-kredit sektoru ilə KİV arasında körpü salıb. Bizdə sahəni iqtisadçı işıqlandırır. Sorğular zamanı debitorların tam əksəriyyətinin bank-kredit şərtləri ilə bağlı bilgilərinin olmadığını aşkarlamışıq. Ona görə də növbəti mərhələdə buna da xüsusi diqət yetirilməsini istəyirik”.

“KredAqro” BOKT-nin departament rəhbəri, layihənin eksperti Zaur Əliyev Şəki, Lənkəran, Quba və Bərdədə keçirilən regional tədbirlərdə səslənən təkliflərdən söhbət açıb. “Bunlar şablon görüşlər deyildi. Yaranan maraq onun davamını zərurətə çevirib”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu da müzakirə olunan mövzu ətrafında fikir və rəylərini səsləndiriblər.

Sonda ilin qalibləri mükafatlandırılıb. İl ərzində ən çox material təqdim etdiklərinə görə “Həftə içi” qəzetlər, APA (“Azəri-press” İnformasiya Agentliyi) bu bölmə üzrə qalib kimi baş mükafata layiq görülüblər. İkinci-üçüncü yerləri tutan “Mövqe”, “Zerkalo” qəzetləri, həmçinin “Trend” İnformasiya Agentliyi və AzərTAc Zərdabi Mətbuat Mərkəzinin və “KredAqro” BOKT-nin diplomları ilə təltif olunublar. “İqtisadiyyat” qəzetinə hər iki qurumun xüsusi diplomu təqdim edilib. Sahəni daha aktiv işıqlandıran 10 jurnalist diplom və pulla mükafatlandırılıb.