12.10.2023

 

“Kredaqro”nun istiqrazları üçün “Ticarətə Başlama Zəngi” çalındı

12 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “Kredaqro” BOKT MMC-nin kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Ticarətə Başlama Zəngi” mərasimi keçirilmişdir. Ümumi dəyəri 1 milyon manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

Ticarətə başlama mərasimində emitent tərəfindən “Kredaqro” BOKT MMC-nin və BFB-nin nümayəndələri iştirak etmişdir.

BFB-nin sədri v.m.i.e Eldar Abdullayev ticarətə başlama mərasimini açıq elan edərək, “Kredaqro” BOKT MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi. Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.

Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “Ticarətə Başlama Zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılmışdır.