“KredAqro” Bank Olmayan Kredit Təşkilatı 2023-cü ilin yekunlarına əsasən əsas maliyyə göstəriciləri üzrə artım dinamikasini qorumuş və bazarda mövqeyini möhkəmləndirmişdir. 

Təşkilatın yaydığı press-relizdə bildirilir ki, real sektorun və ev təsərrüfatlarının dəstəklənməsi istiqamətində aktiv fəaliyyətlərini davam etdirən “KredAqro” BOKT MMC 2023-cü ili  87 min 478 manat xalis mənfəətlə başa vurmuşdur.

Qeyd olunur ki, 2023-ci ilin yekunlarına görə, “KredAqro”    BOKT    MMC-nin cəmi aktivləri  8 milyon 574 min 263 manat olmaqla, ötən ilin analoji dövrü ilə müqayisədə demək olar ki dəyişilməmişdir. Təşkilatın xalis kredit portfeli  5 milyon 337 min 917 manat olmuşdur.  Bu dövrdə müştərilərə verilmiş  kreditlərin həcmi 5 milyon 764 min 728 manat olmuşdur ki, bu da ötən ilki göstərici ilə müqayisədə 23% artım deməkdir.

Bu dövrdə əvvəlki ilin sonu ilə müqayisədə təşkilatın ümumi  faiz gəlirləri 1 milyon 466 min 211 manat  olmaqla 32.18 %  artmışdır.  Digər müsbət göstərici olaraq, problemli kreditlərin səviyyəsi  ötən illə müqayisədə 119 min 796 manat, yəni 2,43% nisbətində azalmışdır. 

Xüsusi qeyd olunmalıdır ki, hesabat ili ərzində təşkilatın sıx əməkdaşlıq etdiyi “Azfinans İnvestisiya Şirkəti”nin vasitəçiliyi ilə müvəffəqiyyətlə istiqrazların buraxılışı və yerləşdirilməsi baş tutmuş, o cümlədən “Kapital Bank” və “PAŞA Bank” kimi nüfuzlu maliyyə qurumları ilə uğurlu maliyyə əməkdaşlığı həyata keçirilmişdir.